Azərbaycan Milli Platformasında Ukrayna qaçqınlarının problemləri müzakirə edildi 

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının İdarə Heyətinın üzvləri Ukraynanın Azərbaycandakı Diasporasının nümayəndəsi Lidia Alıyeva  ilə görüşüb. Görüşdə Azərbaycan Milli Platformasının Ukraynadan Azərbaycana gələn qaçqınların problemlərinin həllinə dəstək imkanları müzakirə edilib. 


Görüşün təşkili üçün Platforma üzvü İlqar Hüseynliyə təşəkkür edən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl qeyd edib ki, Platforma Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ilk günündən etibarən Ukrayna xalqının yanında olduğunu bəyan edib: “Bu görüşün də keçrilməsində əsas məqsəd Azərbaycana gələn  Ukraynadan olan  qaçqınların problemlərini, ehtiyaclarını öyrənib, Platformanın imkanları dəyərləndirib edə biləcəyimiz köməkliyi müəyyənləşdirməkdir”. 


Daha sonra çıxış edən Azərbaycan Milli Platformasının layihə rəhbəri Səbinə Ələkbərova Platformanın fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. 


Azərbaycana pənah gətirən ukraynalı qaçqınların qarşılaşdıqları problemlərlə bağlı məlumat verən Ukraynanın Azərbaycandakı Diasporasının nümayəndəsi Lidia Aliyeva göstərilən dəstəyə görə təşəkkür edib: “Hazırda da Ukraynadan olan qaçqınlara  Azərbaycanda müxtəlif formalarda dəstək göstərilir. Buna baxmayaraq müxtəlif səviyyədə problemlər qalmaqdadır. Hazırda ən ciddi problemlərimizdən biri tibbi xidmət almaqla bağlıdır. Azərbaycanda tibbi xidmət icbari tibbi sığorta əsasında göstərildiyindən Ukraynadan olan qaçqınların isə hazırda heç bir statusu olmadığından tibbi xidmət almaqda problemlə qarşılaşırıq. Daha bir problem isə Azərbaycana pənah gətirən uşaq və qadınların yaşayış yeri ilə təminatı zamanı yaranır. Həmçinin, bir çox qaçqınlar Azərbaycana qış aylarında, qış geyimində gəlib. Hazırda isə yaz fəsli olduğundan, qarşıdan isə yay fəsli gəldiyindən mövsümə uyğun geyimlərə də ehtiyacımız var. Eyni zamanda Rusiyanın Ukraynaya təcavüzündən öncə Azərbaycana gələn Ukrayna vətəndaşları var idi. Müharibədən sonra onlar ölkəyə qayıda bilməyib və Azərbaycanda yaşamaq üçün icazə müddəti bitib”.


Daha sonra Azərbaycan Milli Platformasının üzvləri İlqar Hüseynli, Ziya Quliyev, Sevil Yüzbaşova və Samir Əliyev Ukraynadan olan qaçqınların problemlərinin həlli ilə bağlı Platformanın görə biləcəyi işlərlə bağlı məlumat verib. 


Aparılan müzakirələrə yekun vuran S.Ələkbərova qeyd edib ki, görüşdə qaldırılan məsələlərlə bağlı Platforma müəyyən addımlar atmağa çalışacaq: “Ukraynadan olan qaçqın uşaq və qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün Platformanın üzvü olan və sığınacağa sahib Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri ilə müzakirə aparılacaq. Mövsümə uyğun geyim toplanması üçün Platforma adından yaxın zamanlarda müəyyən aksiya təşkil edəcəyik. Eyni zamanda sadalanan problemlərin daha çevik həlli üçün Azərbaycanın tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müzakirə apararaq onun imkan və əlaqələrindən  istifadə etməyə çalışacağıq. Ukraynadan olan qaçqınların daha çevik həll və müəyyən maliyyə tələb edən problemlərinin həlli ilə bağlı isə konkret müraciətlər əsasında müzakirə apara bilərik”.
 


Paylaş