Avropa İttifaqı Ukraynaya və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verdi

Avropa İttifaqı Ukraynaya və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib.

Qərar bu gün Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Tviter hesabında yazıb: “Avropa İttifaqı indicə Ukrayna və Moldovaya Aİ-yə üzvlük statusu verilməsi barədə qərar qəbul edib. Tarixi bir an. Bugünkü gün sizin Aİ-yə gedən yolunuzda həlledici məqamdır. Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Moldova Prezidenti Maya Sanduya, eləcə də Ukrayna və Moldova xalqlarına təbriklərimi çatdırıram”.

 

Bundan əlavə, Aİ liderləri Gürcüstanın Avropa perspektivini tanıyıblar və prioritet məsələlər həll olunan kimi Gürcüstana da namizəd statusu verməyə hazır olduqlarını bəyan ediblər.

"Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ ilə bağlıdır", - Mişel əlavə edib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski qərarla bağlı Avropa Komissiyasının, Avropa İttifaqının rəhbərlərinə, eləcə də Aİ-yə üzv dövlətlərin rəhbərlərinə minnətdarlığını bildirib:

"Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”.

 

Qeyd edək ki, Ukrayna hələ P.Poraşenkonun prezidentliyi dövründə Avropa Birliyinə potensial namizəd statusu əldə etmək yönündə siyasi kampaniyaya başlamışdı. Vaxtilə 6 ölkənin cəlb olunduğu Şərq Tərəfdaşlığı  proqramında indi faktiki olaraq 3 ölkə qalıb - Azərbaycan, Gürcüstan və Ermənistan. Belarus ötən il proqramda iştirakını dayandırdı.


Paylaş