Platformanın İdarə Heyəti İllik Assambleyaya hazırlığı müzakirə etdi

Oktyabrın 10-da Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞT VCF) Azərbaycan Milli Platformasının (AMP) İdarə Heyətinin növbəti iclası keçirilib.  İclasda noyabr ayında keçirilməsi planlaşdırılan “Regional sabitlik və inkişaf naminə əməkdaşlıq” adlı beynəlxalq konfransın təşkili, Azərbaycan Milli Platformasının Ümumi yığıncağının keçirilməsi, ŞT VCF-in 5-7 dekabr 2022-ci il tarixində Praqada keçiriləcək İllik Assambleyasında iştirakla bağlı hazırlıq tədbirləri, Xocavənd rayonu ərazisində aşkarlanmış “Edilli məzarlığı” ilə bağlı Azərbaycan Milli Platformasının bəyanatının hazırlanması məsələləri müzakirə olunub. 


 “Regional sabitlik və inkişaf naminə əməkdaşlıq” adlı beynəlxalq konfransın uğurlu təşkili üçün işlərin davam etdirilməsi qərara alınıb. 


Azərbaycan Milli Platformanın Ümumi Yığıncağının keçirilməsi ilə bağlı müzakirələrn sonunda Ümumi Yığıncağın konfransla eyni gündə, günün ikinci yarısı keçirilməsi məqsədəmüvafiq hesab edilib. 


ŞT VCF-in 5-7 dekabr 2022-ci il tarixində Praqada keçiriləcək İllik Assambleyasında  iştirak edəcək nümayəndə heyəti ilə Praqada qaldırılacaq məsələlərin onlayn formatda müzakirə edilməsi qərara alınıb.  Bildirilib ki, İllik Assambleya iştirakçılarına Azərbaycan Milli Platforması adından müraciət hazırlansın. Müraciətdə Praqa görüşü ərəfəsində regionda baş verən hadisələrlə bağlı Azərbaycan Milli Platformasının  beynəlxalq ictimaiyyətə və ŞTVCF-na müraciətində Avropa Birliyinin dəstəyi ilə aparılan sülh danışıqlarının dəstəklənməsi, AB-Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi, tərəflər arasında siyasi, iqtisadi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinin yer alması nəzərdə tutulub.  


İclasda, həmçinin, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi ilə bağlı bəyanatın qəbul edilməsi qərara alınıb. Bildirilib ki, bəyanatda 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi, eyni zamanda,  Ağdam, Füzuli, Şuşa şəhəri yaxınlığında aşkarlanmış digər məzarlıqların aşkarlanmasl, müharibə cinayətlərinin yol verilməzliyi, Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozulması yer alsın. Bəyanatda həmçinin AMP tərəfindən sülhə çağırışlarla bağlı mesajların verilməsi, sərhədlərin tez bir zamanda delimitasiya və demarkasiya prosesinin  tezliklə reallaşmasının zəruriliyi yer alacaq. 


İclasda AMP-nin İH-nin üzvü olan Mirvari Qəhramanlıya qarşı olan təzyiqlərlə bağlı da müzakirələr aparılıb.


Paylaş