Platforma üzvləri Milli Məclisin Komitə sədri ilə görüşdü

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması üzvləri ilə Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin sədri Hicran Hüseynova arasında görüş keçirilib. Görüşdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl, Platformanın IV Qrupunun əlaqələndiricisi Vüsalə Hüseynli, Platforma üzvü Sevil Allahverdiyeva, Platformanın layihə rəhbəri Səbinə Ələkbərova və layihə meneceri Xalid Kazmov iştirak edib.

Görüşü giriş sözü ilə açan Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin sədri Hicran Hüseynova Vətəndaş Cəmiyyəti İnstitutları təmsilçiləri ilə mütəmadi müzakirələr aparıldığını qeyd edib.

Platformanın IV İşçi Qrupunun əlaqələndiricisi Vüsalə Hüseynli qeyd edib ki, görüşün əsas məqsədi cəmiyyəti narahat edən ailə, qadın və uşaq məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün atılacaq addımları müzakirə etməkdir.

V.Hüseynli “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icra mexanizmlərinin təkmilləşdirilməsi, mühafizə orderinin verilməsi, erkən nikahlara qarşı mübarizə istiqamətində qanunverici orqanda planlaşdırılan məsələlərin Platforma üçün maraqlı olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması haqqında məlumat verib: “Azərbaycan Milli Platformasına hazırda 71 təşkilat üzvdür. Platformada təşkilatlar 5 İşçi Qrupunda fəaliyyət göstərir. Hazırda Platforma institusional imkanlarını gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir”.

Ş.İsmayıl “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin uzun müddətdir qəbul edilməməsinin narahatlıq yaratdığını qeyd edib.

Avropaya inteqrasiya məsələsinə toxunan Səbinə Ələkbərova isə kənd təsərrüfatı, ekoturizm, icma inkişafı sahəsində Avropa təcrübəsinin öyrənilməsinin Azərbaycanın regionlarında yaşayan qadınların məşğulluğunun artırılması üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin sədri Hicran Hüseynova Vətəndaş Cəmiyyəti İnstitutlarının qaldırdığı məsələlərə diqqətlə yanaşıldığını qeyd edib: “Hazırda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun və ailə, qadın,  uşaq  məsələləri üzrə qanunvericiliyin icra mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Yeni qanunların qəbulu isə həm də cəmiyyətin buna hazır olmasından asılıdır. Amma ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində tədbirlərə dövlət həmişə önəm verir”.

Erkən nikah, qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə toxunan Komitə sədri bu problemlərin həlli ilə bağlı Qeyri-Hökumət Təşkilatlarından gələn təkliflərə açıq olduqlarını qeyd edib.

Fotolar


Paylaş