Azərbaycan Milli Platformasından jurnalistlərin hədəf alınmasına ETİRAZ

İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri  tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olması bizi dərindən sarsıtdı.  Qeyd edək ki, avtobus rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. 


Birinci Qarabağ Müharibəsi dövründə bir neçə jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Eyni zamanda Vətən müharibəsi dövründə jurnalistlər kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub. Çox təəssüf ki, müharibənin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və bu gündə media nümayəndələri həyatlarını itirirlər.


 Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son aylarda Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilən minalar və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilmiş ərazilərində həlak olmasını beynəlxalq hüquqa, insanlığa və sülhə qarşı yönəlmiş terror hesab edir. 
2020-ci ilin noyabr ayında müharibənin bitdiyindən sonra bu günə qədər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb, 100 nəfərdən artıq  mülki şəxs və hərbiçi minalanmış ərazilərdə həyatlarını itirib.


Müharibədən sonra rəsmi Bakı Ermənistan rəhbərliyinə minalanmış və partlayıcı qurğuların basdırıldığı ərazilərin xəritələrinin verilməsi ilə əlaqədar dəfələrlə müraciət edib. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini hələ də təqdim etmir, bu isə beynəlxalq humanitar hüquqla bağlı öhdəlikləri ciddi şəkildə pozur və müharibə cinayəti sayılır. Həmçinin, yaşayış yerlərində, çayların kənarlarında, yolayrıclarında və qəbiristanlıqların yaxınlığındakı ərazilərin minalanması 1949-cu ildə  qəbul olunmuş Minalar əleyhinə Cenevrə Konvensiyasını və I Əlavə Protokolunu pozur. 


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması olaraq günahsız mülki əhalini təhlükə altına qoyan, habelə, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin başlanmasına, ölkəmizdə və regionda davamlı sülhün təmin edilməsinə, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasına birmənalı şəkildə mane olan Ermənistanın bu yanaşmasını ciddi surətdə qınayır, regionda təhlükəsiz və dinc bir mühitin təmin edilməsinə səyləri səfərbər etməyə çağırış edir. İnsan həyatlarını xilas etmək və münaqişə sonrası bərpa və yenidənqurma proseslərini sürətləndirmək hazırda bölgədə davamlı sülhün bərqərar olması üçün mütləq bir zərurətdir.


Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırırıq.
 


Paylaş