Azərbaycan Milli Platforması Ermənistanın təcavüzünü dayandırmağa çağırdı - BƏYANAT

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun işğal edilməsi faktını bir daha qınayaraq, beynəlxalq ictimaiyyətə aşağıdakı mövqeyini ifadə edir: 

1)    Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə son dərəcə gərgin vəziyyət yaranmış, münaqişənin danışıqlar yolu ilə həllində tərəflər arasında etimad və əməkdaşlıq imkanları aradan qalxmışdır;

2)    Ermənistan tərəfindən 27 sentyabr 2020-ci il tarixindən Azərbaycanın Gəncə, Mingəçevir, (cəbhə bölgəsindən 60-80 km məsafədə yerləşir) Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Yevlax, Goranboy, Şəmkir, Xızı və Abşeron bölgələrinə qəsdən edilən atəşlər nəticəsində indiyə qədər 27 nəfər mülki azərbaycanlı, o cümlədən 3 məktəbli öldürülüb, 141 nəfər yaralanmışdır.

3)    Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda mövcud olan tanınmamış qurumun rəhbəri tərəfindən Azərbaycanın mülki əhalisi yaşayan və münaqişə bölgəsindən kənarda yerləşən yaşayış məskənlərinin, iri şəhərlərin və strateji əhəmiyyətə malik enerji qovşaqlarının hədəfə alınması ilə bağlı çağırışı terror-aktı kimi qiymətləndirilir və bu beynəlxaq humanitar hüququn pozuntusun təşkil edir.

4)    Ermənistan silahlı qüvvələri 06 Oktyabr 2020-ci il tarixində strateji əhəmiyyətə malik regional Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf alaraq artilleriya atəşinə məruz qoymuş, bununla da terrorun tək Azərbaycana qarşı deyil, eyni zamanda region ökələrinə və Avropanın enerji təhlükəsizliyinə də hədəf aldığın göstərmişdir.  

5)    Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu münaqişənin beynəlxalq hüququn prinsiplərinə, o cümlədən, Azərbaycan-Ermənistan münaqişəsinə dair BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri əsasında həllinə töhvə verməmiş, status-kvonun uzadılması ilə bölgədə münaqişənin yenidən alovlanmasına şərait yaratmışdır.

6)    BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.

7)    Sosial şəbəkə və mediada yayılmış video görüntülərdə Ermənistan silahlı ordusuna aid hərbçilərin, Azərbaycan Milli Ordusu əsgərlərinin meyidi üzərində təhqiramiz hərəkətlər etməsi beynəlxaq humanitar hüququn ağır pozuntusu hesab edilir və bu aktın 1-ci Cenevrə Konvensiyasnın 16 və 17-ci maddələriin pozuntusu təşkil etdiyin qeyd edir. 


Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Milli Platforması aşağıdakıları bəyan edir:

-    Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazılığı prinsiplərini rəhbər tutmaqla, beynəlxaq ictimaiyyəti, xüsusən Avropa İttifaqı Şurası, Avropa Parlamenti, BMT Təhlükəsizlik Şurası və Avropa Şurasının üzv dövlətlərini bu təcavüz aktını qınamağa və müvafiq tədbirlər görməyə çağırırıq.

-    Avropa İttifaqı qurumları və Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərindən Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ayrı-seçkilik etmədən, dövlətlərin ərazi bütövlüyü prinsipi üzrə regionda mövcud olan digər konfliklərə (Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Ukraynada Donbas və Krım, Moldova Respublikasında Pridnestroviya) göstərilən oxşar münasibəti sərgiləməyi tələb edirik. 

-    Avropa Parlamentinə müraciət edərək Ermənstan tərəfindən Azərbaycana qarşı yönəlmiş terror və işğalçılıq siyasətini pisləyən, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf 7 rayondan dərhal çıxarılmasına çağırış edən, Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütovlüyünü bir daha dəstəkləyən qətnamə qəbul etməyə çağırırıq. 

-    Mülki şəxslərin və münaqişə bölgəsindən aralıda yerləşən yaşayış məskənlərinin, iri şəhərlərin və strateji əhəmiyyətə malik enerji qovşaqlarının hədəfə alınması ilə bağlı Ermənistan tərəfinin atdığı addımları beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirərək münaqişənin yaratdığı insan itkisi və fəsadların sənədləşdirilməsi üçün beynəlxaq təşkilatları Azərbaycana dəvət edirik.

-    Beynəlxaq ictimaiyyətə müraciət edərək, Ermənistanın siyasi və hərbi rəhbərliyinin müharibə hüququ və qaydalarına riayət etməməsi və mülki əhalini hədəf alması ilə bağlı adekvat tədbirlər görməyi tələb edirik. 


 


Paylaş