"Ukraynaya bundan sonra necə dəstək verə biləcəyimizlə bağlı müzakirə aparacağıq" - Şəhla İsmayıl

Rusiyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə, heç bir beynəlxalq hüquqa hörmət etmədən hərbi təcavüzü üçüncü aydır davam edir. Ötən müddətdə dünyanın əksər ölkələri Ukrayna xalqının yanında olduğunu müxtəlif formalarda bəyan edib.  Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması da hərbi təcavüzün başlandığı ilk gündən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyib. 
 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl deyir ki, Platforma Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ilk günündən etibarən çoxsaylı təşəbbüslərə qoşularaq Ukraynanı dəstəkləyib: “Azərbaycan Milli Platforması Ukrayna xalqının yanında olduğunu nümayiş etdirərək həm mənəvi, həm maddi dəstəyini göstərib. Platforma hərbi təcavüzün ilk günlərində bəyanat imzalayıb Ukraynanı dəstəkləndi. Platforma çərçivəsində əlavə olaraq maddi baxımdan da Ukraynanın yanında olduğumuzu göstərməyə çalışdıq. Azərbaycan Milli Platformasının adından olmasa da, ayrı-ayrı üzvlər Ukrayna səfirliyinə gedərək maddi dəstəyini göstərdi. Bundan başqa Platformanın qoşulduğu müxtəlif yerli, regional və beynəlxalq xarakterli təşəbbüslər oldu. Bunların arasında yenə də hümanitar yardımın ərsəyə gəlməsi, maddi yardımın göstərilməsi, müəyyən siyasi dəstəyin verilməsi,  o cümlədən müzakirələrdə Rusiyanın mövqeyini pisləyən və Ukraynaya dəstək verə biləcək təşəbbüsləri qeyd edə bilərik. Daha çevik addımlar atılması üçün bu bəzən Azərbaycan Milli Platforması adından, bəzən isə Platformaya üzv olan ayrı-ayrı təşkilatlar adından edilirdi. Eyni zamanda da daim Katibliyin bununla bağlı müzakirələrində iştirak edilib”. 

 

Ş.İsmayıl deyir ki, Azərbaycan Milli Platforması kordinasiyalı şəkildə bəyanat, müraciət, aksiyalara qoşulmadan başlamış hansısa bir ailəyə maddi dəstək göstərilməsinə qədər addımları mümkün qədər çevik atmağa çalışıb: “Bu gün də  çalışırıq ki, addımlarımız bacardığımız qədər kordinasiyalı olsun. Platforma olaraq həm çevikliyimizi saxlaya bilək, həm də eyni məsələyə yetərincə diqqət olduğu halda, təkrar ona dönməkdən çəkinək. Bu həftənin sonunda Ukraynanın Azərbaycandakı  təmçilçisi, Ukrayna icmasının nümayəndəsi Lidya Əliyeva ilə Platformanın İdarə Heyəti üzvlərinin görüşü nəzərdə tutulur. Həmin görüş zamanı da Azərbaycan Milli Platformasının imkanları və planları ilə bağlı müzakirə aparılacaq. Həmin görüşdə də Ukraynaya bundan sonra necə dəstək verə biləcəyimizlə bağlı müzakirə aparacağıq. Amma bundan sonra da Azərbaycan Milli Platforması ərazi bütövlüyü prinsipini həmişə əsas götürəcək. Biz Dağlıq Qarabağ münaqişəsi zamanı, 30 il ərzində  Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını bütün beynəlxalq platformalarda müdafiə etmişik. Bu gün də Ukrayna hadisələrinə eyni prizmadan – ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prizmasından yanaşaraq dəstəyimizi davam etdirəcəyik”.

 

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Azərbaycan Milli Platformasının  Rusiyanın Ukraynaya hərbi təcavüzündən dərhal sonra bəyanatla çıxış etməsi doğru addım idi: “Bəyanatın əsasını insan hüquqlarının qorunması təşkil edirdi. Çünki bir vətəndaş cəmiyyəti təşkilatı olaraq hərbi münaqişələrdə, hərbi konfliklərdə mövqe bildirəcək istiqamətlər bir qayda olaraq insan hüquqlarının qorunması, sülhə çağrış, hümanitar məsələlər, əsirlərlə beynalxalq Konvensiyaya uyğun davranışın sərgilənməsidir.  Əgər beynalxalq xarakterli cinayətlər  törədilibsə,  onun araşdırılması və yaxud da hüquqa qarşı və ya hüququn qadağan etdiyi cinayətlər törədilibsə, onlarla mübarizə aparılmalıdır. Azərbaycan Milli Platformasının bəyanatında da bu istiqamətlər rəhbər tutulub.  Azərbaycan Milli Platformasına daxil olan Vətəndaş Cəmiyyəti İnstitutları məhdud hümanitar xarakterli və ya beynəlxalq hüququn təmin olunması çağrışlarını özündə əks etdirən fəaliyyətini davam etdirir”. 

 

R.Cəfərov hesab edir ki, Ukraynada törədilən müharibə cinayətləri ilə bağlı Beynalxalq tribunanın yaradılması  məsələsi gündəmə gəlsə, Azərbaycan Milli Platforması  buna da dəstək verə bilər: “Təəssüf  ki, müxtəlif yerlərdə müharibə dövründə mülki vətəndaşlara qarşı, əli silahsız vətəndaşlara qarşı cinayətlər törədilməsi ilə cox ciddi və əsaslandırılmış məlumatlar gəlməkdədir.  Düşünürəm ki, bu məsələyə dair Azərbaycanla bağlı da müəyyən paralellərin aparılması mümkündür.  Platforma üzvləri beynəlxalq tribunalardakı çıxışlarında işğal faktını qeyd etməklə, Azərbaycanla paralellər apararsa, müsbət olardı. Çünki Ukraynada da hərbi konflikt işğalın baş tutması üçün başladılıb”. 

 

Azərbaycan Milli Platformasının bundan sonrakı addımlarına gəldikdə Rəsul Cəfərov qeyd edir ki,  Ukraynadan Azərbaycana gələn qaçqınlara hədəflənən fəaliyyətlər icra edilə bilər: “Azərbaycan Milli Platforması və ya Platformaya daxil olan təşkilatlar bu istiqamətdə də fəaliyyət göstərə bilər. Azərbaycana gələn ukraynalı qaçqınların  təhsil məsələlərinə də dəstək göstərilməsi mümkündür. Bugünədək Platforma və ya Platformaya daxil olan təşkilatlar Ukraynanın Azərbaycandakı səfirliyinin humanitar yardım aksiyasına qoşulub. Bundan sonra da bu kimi humanitar yardımın toplanılması və çatdırılması təşkil oluna bilər. Pandmiya məhdudiyyətləri aradan qalxdığı üçün Azərbaycan Milli Platformasının mövqeyinin daha geniş ifadə edilməsi baxımından  QHT fəaliyyətinə xarakterik mövzularla bağlı tədbir də düzənlənə bilər”.


 


Paylaş