AŞPA Azərbaycanda jurnalist fəaliyyəti ilə bağlı hesabat hazırlayacaq

Avropa Şurası Parlament Assambleyası Bürosu "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr" adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Turan Agentliyinin məlumatına görə, məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq.

Öz növbəsində, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.

 

Mayın əvvəllərində bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr haqqında qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib. Belçikalı deputat Kristof Lakruanın təşəbbüsünü AŞPA-nın 24 ölkədən olan 37 üzvü dəstəkləyib.

 

Deputatlar xüsusən jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (ləqəbi Əvəz Hafizli) fevralın 22-də öz evində öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.


Paylaş