Avropa İttifaqı Azərbaycanda kiçik və orta sahibkarlıq subyektinə dəstək verib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etmək, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək, Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək istiqamətində iş aparır. Azərbaycan Milli Platformasının internet səhifəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan layihələrlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün yazılar verilir.

2022-ci iyulunda Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye bildirdi ki,  təmsil etdiyi qurum Azərbaycanda təqribən 25 min kiçik və orta sahibkarlıq subyektinə dəstək verir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən aldığımız məlumata görə, Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi başa çatıb.

Layihə 2019-cu ilin may ayından etibarən Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib. Layihə çərçivəsində ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunub və tövsiyyələr hazırlanıb. Hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunub, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb.

Layihənin sonunda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, KOBİA, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının nümayəndələrinin, eləcə də beynəlxalq və yerli ekspertlərin iştirakı ilə layihənin yekunlarına həsr olunan geniş toplantı keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor Bajkov, layihə direktoru Volodimir Yakubov, layihə rəhbəri Manfred Şüssel və ekspertlər müvafiq olaraq kənd təsərrüfatı və ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin önəmi, layihə çərçivəsində əldə olunmuş nəticələr, istifadə olunmuş alət və metodlar, müvafiq qurumların birgə fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, kənd təsərrüfatının, eləcə də mikro, kiçik və orta müəssisələrin davamlı inkişafı üçün ənənəvi qida məhsulları önəmlidir. Azərbaycan kənd təsərrüfatı və qida sahələrində böyük potensiala malikdir. Ənənəvi qida məhsullarının satışının artması, xarici bazarlara çıxarılması və daha çox tanınması üçün bu məhsullar milli və beynəlxalq səviyyədə geniş təşviq olunmalı, sistemli marketinq siyasəti aparılmalı, istehsalçılar arasında marketinqə dair tədbirlər gücləndirilməlidir. Eyni zamanda ənənəvi qida məhsulları üçün keyfiyyət təminatı sxemlərinin və keyfiyyət standartlarının tətbiqi təhlükəsizliyin təmin edilməsi, məhsulun daha çox və yüksək qiymətə satılması baxımından vacibdir.

 

Avropa İttifaqı kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dəstək verib

 

İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarları olduğu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələri başa çatıb.

Qeyd edək ki, sözügedən layihələrin məqsədi kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabət qabiliyyətinin artırılmasına dəstək olmaqdır. Layihələr çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub. Həmçinin, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil edilib. Sahibkarlığın və KOB-ların inkişafını dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi keçirilib.  KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün monitorinq və qiymətləndirmə sistemi yaradılıb.

İqtisadiyyat Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə sözügedən layihələrin yekunlarına həsr olunan tədbirdə  çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığa, Agentliyin KOB-lara göstərdiyi xidmətlərə, müvafiq layihələrin ölkəmizdə KOB sektorunun inkişafına dəstəyi barədə fikirlərini bölüşüb. Bildirilib ki, sözügedən layihələr iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə olunan nəticələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Azərbaycanla Avropa İttifaqı  arasında müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində layihələr həyata keçirilib. Bildirilib ki, hazırda KOB-larla bağlı əməkdaşlıq rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” sahələrini əhatə edir və bu istiqamətdə Avropa İttifaqı öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.


Paylaş