Azərbaycan Milli Platforması  Bakıda Beynəlxalq konfrans təşkil etdi - FOTOLAR

Bu gün Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞTVCF) Azərbaycan Milli Platforması  Bakıda “Regional sabitlik və inkişaf naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirib.

Tədbiri giriş sözü ilə açan  Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının ölkə əlaqələndiricisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Platformanın fəaliyyəti və təşkil olunan tədbirin məqsədi barədə məlumat verib.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa toxunan Şəhla İsmayıl bu əməkdaşlığın irəliyə gedə bilməməsi üçün  ortaya çıxan problemləri vurğulayıb.

Platforma əlaqələndiricisi vətəndaş cəmiyyəti quruculuğu prosesində Avropa İttifaqı ilə əməkdaşlığa geniş yer verilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra konfrans panel müzakirələri ilə davam etdirilib. İlk paneldə “Avropa İttifaqı-Azərbaycan münasibətlərində vətəndaş cəmiyyətinin rolu” müzakirə edilib.

 

Avropa İttifaqı Azərbaycanda Vətəndaş Cəmiyyətinin potensialının artırılmasına dəstək verməyə hazırdır

 

Paneldə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycanda səfiri Piter Mixalko bildirib ki,  vətəndaş cəmiyyəti quruculuğu Avropa İttifaqı üçün əsas prioritetlərdən biridir: “Azərbaycanla məhsuldar əməkdaşlığımız sürətli templərlə inkişafını davam etdirir. Biz birlikdə sağlam və dayanıqlı cəmiyyətin qurulmasında çox işlər görə bilərik. Hesab edirik ki, pandemiyaya, münaqişələrə, bəzi çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti qurucuğulu davam etməlidir. Avropa İttifaqı Azərbaycanda Vətəndaş Cəmiyyətinin potensialının artırılmasına dəstək verməyə hazırdır. Amma Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması üçün bir sıra məsələlər həllini tapmalıdır. Qrant qanunverciliyinə yenidən baxılması və maneələrin aradan qaldırılması vacibdir. Avropa İttifaqı Azərbaycanda da Vətəndaş Cəmiyyəti İnstitutlarını özünün əsas tərəfdaşlarından biri hesab edir”.

Peter Mixalko  qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda post-münaqişə reabilitasiyası üzrə tədbirləri dəstəkləyir: “Avropa İttifaqı azad edilmiş ərazilərdə bərpa işlərində Azərbaycanı dəstəkləməyə hazırdır. Regionda münaqişələr fundamental problemlər olaraq qalmaqdadır. Onların həlli ciddi səylər tələb edir. Aİ-nin köməyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi dayanıqlı tənzimləmənin əldə olunmasına yönəlib”.

 

İsveç Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti quruculuğuna dəstək verəcək

 

Tədbirdə çıxış edən İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon bildirib ki, ölkəsi 2023-cü ilin yanvarından Avropa İttifaqına sədrlik edəcək: “Avropa  İttifaqına sədrlik müddətində İsveçin bir sıra prioritetləri var. Onlar arasında Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. İsveç əhalisinin yarısı vətəndaş cəmiyyəti prosesinin mühüm iştirakçılarıdır. Bizim insanlar ayda 20 saatını bu işə sərf edir.  İsveç Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti quruculuğuna dəstək verəcək”.

 

Vətəndaş Cəmiyyəti İnstitutları da tərəf ola bilər

 

Daha sonra çıxış edən Azərbaycan Hüquq Cəmiyyətinin İdarə Heyətinin üzvü Ziya Quliyev Avropa İttifaqı – Azərbaycan əməkdaşlığında vətəndaş cəmiyyətinin roluna toxunub: “Avropa İttifaqı Azərbaycan arasında aparılan məsləhətləşmələrdə Vətəndaş Cəmiyyəti İnstitutları da tərəf ola bilər. Bəzi Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsində bu amildən istifadə edilib. Bunun üçün Avropa İttifaqının bəzi təsir mexanizmləri var. Bizim gözləntilərimizdən biri də avrointeqrasiya ilə bağlı məsləhətləşmələrdə vətəndaş Cəmiyyəti İnstitutlarının rəsmi şəkildə tərəf kimi qəbul edilməsidir”.

Vətəndaş Cəmiyyəti İnstitutlarının problemlərinə toxunan Şəhla İsmayıl qeyd edib ki, bu məsələdə daha çox 2014-cü ildən sonra yaranan vəziyyətə toxunulur: “Amma Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutlarının durumu 2014-cü ildə də ürəkaçan olmayıb. Azərbaycanda həmişə vətəndaş cəmiyyətini təmsil etmək çətin olub. 2014-cü ildən sonra isə yaranan problem təkcə maliyyə ilə bağlı deyil. Hazırda Vətəndaş Cəmiyyəti İnstitutları həm də qeydiyyat, fəaliyyətlə bağlı ciddi problemlərlə qarşılaşır. Beynəlxalq donor təşkilatlar ölkədə fəaliyyətini dayandırıb”.

Müzakirə olunan mövzu ilə bağlı danışan Platforma üzvləri, Fuad Həsənov, Bəxtiyar Hacıyev, Vüsalə Hüseynli, Zaur Əkbər, Zöhrab İsmayıl, İlqar Hüseynli,   Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Azərbaycanda vətəndaş cəmiyyəti sahəsindəki mövcud problemlərin həlli ilə bağlı təkliflərini səsləndiriblər.

 

Rusiyanın bölgəyə təsiri müxtəlif formalarda qalmaqdadır

 

Konfransın ikinci panelində “Regionda baş verən geosiyasi proseslərin Azərbaycana təsiri” müzakiə edilib.

Panel müzakirəsinin moderatoru Vüsalə Hüseynli regiondakı mövcud vəziyyətin Azərbaycana təsirlərinə toxunub.

Beynəlxalq Mübasibətlərin Təhlili Mərkəzinin Şöbə müdiri Vasif Hüseynov 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranan stuasiyanı təhlil edib: “Müharibədən öncə Ermənistan Azərbaycan üçün idarəolunmaz düşmən idi. Müharibədən sonrakı müddətdə isə Ermənistan hələlik idarəolunan düşməndir. Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsi imzalanarsa, Cənubi Qafqaz ölkələri arasında normal qonşuluq münasibəti də yarana bilər. Amma Cənubi Qafqazdan danışanda Rusiya və İran amilini də yaddan çıxarmaq olmaz. Düzdür, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesində avtivliyi azalıb. Amma Rusiyanın bölgəyə təsiri müxtəlif formalarda qalmaqdadır.

Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesində ABŞ və Avropa İttifaqının rolunun artması isə müsbət dəyərləndirilməlidir”.

 

AzərbaycanTürkiyə-İsrail əməkdaşlığı yeni formatda davam etdirilməlidir

 

V.Hüseynov qeyd edib ki, Azərbaycan-Türkiyə arasındakı strateji tərəfdaşlıq, o cümlədən İsraillə hər iki ölkənin münasibətlərindəki müsbət dinamika İranı ciddi narahat edir: “İran amili region üçün yeni risklər yaradır. Amma bu amil də nəzərə alınaraq AzərbaycanTürkiyə-İsrail əməkdaşlığı yeni formatda davam etdirilməlidir”.

Mövzu ilə bağlı çıxış edən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili qeyd edib ki, regionda yaranan mövcud vəziyyətin özü bir təhlükədir: “Azərbaycan yeganə ölkədir ki, region üçün təhlükə sayılacaq Rusiya və İranla quru sərhədi var. Həmçinin, şimaldan cənuba gedən quru yollar da Azərbaycandan  keçir. Hazırda isə Qara dənizdəki mövcud vəziyyət, Xəzərin şimalının su yolu ilə yükdaşımaları çətinləşdirməsi quru yolunun əhəmiyyətini artırır. Bu stuasiyada Azərbaycan mövcud təhlükələri nəzərə alıb addımlar atmalıdır”.

Ə.Əlili qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əsas rollardan birini Avropa İttifaqı oynayır: “Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı razılaşması, məhz Avropa İttifaqının moderatorluğu ilə əldə olunub”.

 

Azərbaycanın idxal-ixrac əməliyyatlarında Rusiyanın payı artıb

 

Daha sonra çıxış edən “İqtisadi Təşəbbüslərə Yardım” İB-nin İdarə Heyətinin üzvü Samir Əliyev regiondakı vəziyyətin iqtisadiyyatına təsirini təhlil edib.

S.Əliyev qeyd edib ki, hazırda da Azərbaycanın Rusiyadan asılılığı qalmaqdadır: “Xüsusən, idxalda və qeyri-neft sektoruna aid məhsulların ixracında Rusiyanın payı yüksəkdir. Son illər də Azərbaycanın idxal-ixrac əməliyyatlarında Rusiyanın payı artıb. Amma mövcud inflyasiya nəzərə alınarsa, bu artım o qədər də böyük deyil”.

Paneldə daha sonra çıxış edən ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Fondunun İş Birliyi Proqramının təmsilçisi Mehriban Rəhimli regiondakı humanitar problemlərə, Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkədə yaşayan azərbaycanlıların problemlərinə toxunub: “Müharibədən sonra vətənlərinə qayıdan həmin şəxslərin bir çoxunun sənədləri qaydasında deyil. Azərbaycana gələn Ukrayna vətəndaşı olan həmin azərbaycanlıların qeydiyyat, sənəd və təhsil problemi var. Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutlarının isə imkanları məhdud olduğundan bu kimi humanitar məsələlərin həllinə təsir edə bilmir. İşğaldan azad olunan ərazilərimizdə aparılan yenidənqurma işlərində də Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutları iştirak edə bilər. Amma təəssüf ki, mövcud qanunvericilik Vətəndaş Cəmiyyəti İnstitutlarının  normal fəaliyətinə imkan vermir”.

Daha sonra Platforma üzvü Səbinə Ələkbərova, İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycandakı milli proqram rəhbəri Zahir Əhmədov müzakirə olunan mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

 

 


Paylaş