Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti ForumuAzərbaycan Milli Platformasıolaraq siyasi fəal, vətəndaş cəmiyyəti təmsilçisi, eyni zamanda Milli Platformanın üzvü Bəxtiyar Hacıyev barəsində 9 dekabr 2022-ci il tarixində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətə cəlb etmə barədə qərar qərəzlidir və bu qərar üzrə Bakı şəhər Xətai rayon məhkəməsinin seçdiyi 1 ay 20 gün müddətində həbs qətimkan tədbirini qanunsuz və əsassız hesab edirik.
Milli Platforma olaraq bəyan edirik ki, Bəxtiyar Hacıyev barəsində verilmiş qərar siyasidir və ona qarşı irəli sürülmüş, AR Cinayət Məcəlləsinin 221 və 289-cu maddələri üzrə məsuliyyətə cəlb etmə qərarı dərhal, təxirəsalınmadan ləğv edilməli, onun Konstitusiyada təsbit olunmuş hüquqları bərpa edilməldir. Bu ittihamın 10 dekabr Beynəlxalq İnsan Haqları günü ərəfəsində verilməsi, xüsusən siyasi hökümətin insan haqlarına verdiyi dəyəri birdaha nümayiş etdirməkdədir.
Milli Platforma olaraq Azərbaycan hökumətini B.Hacıyev barəsində bundan sonra da hər hansı qanusuz hərəkətlərdən çəkinməyə, onun sağlamlığı, ətraf mühitlə əlaqəsinin təmin edilməsi, hüquqi müdafiə vasitələrindən tam yararlanması ilə əlaqədar qanunvericikdə nəzərdə tutulan tədbirlərin görülməsinə çağırırıq.
Yekun olaraq, Azərbaycan Milli Platformasının üzvləri Belarus və Ukraynada baş verən hadisələr, eləcə də qaz böhranı Avropa institutlarının Azərbaycanda insan haqlarının vəziyyətinə diqqətini azaltdığından narahatdırlar. Bu yanaşma Azərbaycanın insan haqlarının vəziyyətini pisləşdirir, Azərbaycanın Avropa yönümlü tərəfdarlarının mövqeyini zəiflədir, Azərbaycan cəmiyyətinin nəzərində Avropa İnstitutlarını nüfuzdan salır. Ümid edirik ki, Avropa qurumları həmkarımızın həbsi məsələsində ədalətin bərpası, habelə bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin ləyaqətli fəaliyyəti üçün əlverişli mühütin bərpa edilməsi ilə bağlı gücləndirilmiş dəstək verəcəklər.
Azərbaycan Milli Platforması demokratik dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi üçün bundan sonra da öz fəaliyyətini və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcəkdir.