Azərbaycan Milli Platforması üzvləri STM rəhbəri ilə görüşüb

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması üzvləri  Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Orucla görüşüb.

Görüşdə Azərbaycanda  vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyəti, Azərbaycan Milli Platforması ilə hökumət qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri rəhbərlik etdiyi Mərkəzin  gördüyü işlər, hazırlanan hesabatla bağlı görüş iştirakçılarına məlumat verib.

Bildirilib ki,  Sosial Tədqiqatlar Mərkəzi QHT-lərin  "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi fəaliyyətini təhlil edir, ictimai əhəmiyyət kəsb edən müxtəlif  mövzularda ictimai dinləmələr keçirir, debatlar təşkil edir, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir.

Görüşdə çıxış edən Azərbaycan Milli Platforması üzvləri ölkədə QHT qanunvericiliyi ilə bağlı olan məsələlərə toxunaraq Vətəndaş Cəmiyyəti İnstitutlarının qarşılaşdıqları problemləri qeyd ediblər.

Azərbaycan Milli Platforması təmsilçiləri, xüsusən, ölkədə insan hüquqları ilə bağlı bağlı narahatedici məqamlara diqqət çəkiblər.

Vətəndaş Cəmiyyəti nümayəndəsi Bəxtiyar Hacıyevin həbsinə toxunan AMP təmsilçiləri onun tezliklə azadlığa buraxılması üçün bütün mümkün imkanlardan istifadə edilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Sosial Tədqiqatlar Mərkəzi ilə Azərbaycan Milli Platformasının tədqiqatlar sahəsində əməkdaşlığına dair təkliflər səsləndirilib.

Fotolar


Paylaş