Bu gün Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilən qadınlar arasında Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl da var.
Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun önəmli simalardan biri olan Şəhla İsmayıl uzun illərdir gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olan Şəhla İsmayıl dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış edib. O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri və 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir. Habelə qərargahları ABŞ-da yerləşən “Qadınlar üçün Qlobal Fond” və “Qadın Hüquqları üzrə Təcili Yardım Fondu” təşkilatlarının məsləhətçisidir.
Şəhla İsmayıl, həmçinin kommunikasiya bacarıqları, insan resursları və institusional potensialın artırılması üzrə mütəxəssis, həyat və biznes kouçu qismində fəaliyyət göstərir.
Şəhla İsmayıl 2014-cü ildə Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı kimi yaradılan “Gender Port”-un təsisçisi və direktorudur.
Həmkarımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.