Azərbaycan Milli Platforması əsir götürülən hərbçilərlə bağlı bəyanat yaydı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Ermənistan hərbi və mülki şəxsləri tərəfindən Azərbaycan silahlı qüvvələrinin əsgəri Hüseyn Əhliman oğlu Axundovun və Aqşin Qabil oğlu Bəbirovun fiziki işgəncə və qeyri-insani rəftara məruz qalmasını pisləyir, qısa zamanda bu qanunsuz əməli törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir.

 

Milli Platforma bildirir ki, Ermənistan mediasında və Telegram kanallarında əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılmış foto və video materiallar bir daha sübut edir ki, Ermənistant 1949-cu il Cenevrə Konvensiyasının tələblərini pozaraq, əsir götürülmüş şəxslərə münasibətdə öz öhdəliklərini pozmuş, nəticədə, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində aparılan danışıqların müsbət nəticə verəcəyinə inamı sarsıdır.

 

Bundan əlavə, Milli Platforma qeyd edir ki, son zamanlar, Ermənistan tərəfindən aparılan davamlı təxribat və nifrət nitqi çağırışları artmaqdadır. Belə ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Bu hərəkət, iki dövlət arasında yekun sülh sazişinin imzalanmasına maneçilik törətməklə bərabər, iki cəmiyyət arasında davamlı inamın və əməkdaşlığın yaranmasına da mənfi təsir göstərməkdədir.

 

Milli Platforma, Azərbaycan Respublikası Baş Prokurorluğu tərfindən yuxarıda qeyd olunan hər iki fakt üzrə cinayət işinin başlanmasını təqdir edir, və eyni zamanda müvafiq araşdırmanı Ermənistan hökumətindən tələb edərək, qısa zamanda işgəncə və qeyri insani rəftarı törətmiş şəxslərin məsuliyyətə cəlb edilmsəini, etnik zəmində nifrət və düşmənçiliyin yayılmasına səbəb olan halların aradan qaldırılamsını tələb edir. 

 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması olaraq Ermənistan Milli Platformasını insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, Azərbaycan hərbçilərinin durumunu diqqətdə saxlamağa, onların əsirlikdən azad edilib Azərbaycana qaytarılmalarına yardım etməyə çağırırıq.


Paylaş