Azərbaycan Milli Platforması "Avropa İttifaqı-Azərbaycan münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Bakıda “Yeni Şərq Tərəfdaşlığı Siyasətində Avropa İttifaqı-Azərbaycan münasibətləri” mövzusunda beynəlxalq konfrans təşkil edib. İki panel müzakirədən ibarət Beynəlxalq konfransa 61 nəfər qatılıb. Konfransda Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının nümayəndələri, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya,  İtaliya, Yunanıstan, Polşa, Macarıstan, İşveçrənin Azərbaycandakı səfirliklərinin və yerli Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının ölkə əlaqələndiricisi Şəhla İsmayıl Beynəlxalq konfransın keçirilmə zərurəti və gözləntilərlə bağlı məlumat verib.

Avropa İttifaqının Azərbaycanda səfiri Piter Mixalko, Belçikanın Azərbaycandakı səfiri Maykl Pitermans və Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlilinin iştirakı ilə keçirilən konfransın ilk panel müzakirəsində “Avropa-Azərbaycan münasibətləri yeni formatda: yeni Şərq Tərəfdaşlığı reallıqlarında sürətli “Avrointeqrasiya prosesi” üçün tələblər” müzakirə olunub. 

Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko  Avropa İttifaqı-Azərbaycan münasibətlərinin mövcud durumu, əldə olunan nailiyyətlər, yaşanan çətinliklərlə bağlı məlumat verib.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli əməkdaşlığa üstünlük verdiyini vurğulayan səfir Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişin müfəssəlləşdirilməsi istiqamətində danışıqların davam etdirildiyini qeyd edib.

Şərq Tərəfdaşlığı siyasətinin formalaşmasında Vətəndaş Cəmiyyətinin müstəsna rolu olduğunu qeyd edən səfir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bu sektorla əməkdaşlığa üstünük verdiyini qeyd edib.

Daha sonra çıxış edən Belçikanın Azərbaycandakı səfiri Maykl Pitermans ölkəsinin Şərq Tərəfdaşlığı ölkələrinə münasibətdə üstünlük verdiyi amillərə toxunub.

Səfir Maykl Pitermans Avropaya İnteqrasiyanın Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti olmadan mümkün olmayacağını qeyd edib.

Daha sonra çıxış edən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna toxunaraq mövcud problem və gözləntiləri dilə gətirib.

Daha sonra panelistlər Avropa İttifaqı-Azərbaycan münasibətləri, Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutlarının vəziyyətinin yaxşılaşdırılması, Avropa İttifaqı ölkələrinin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə viza verilməsindəki problemlərlə bağlı sualları cavablandırıb.

Konfransın ikinci panelində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyevin moderatorluğu ilə “Regional sabitliyin və Qarabağda və Şərqi Zəngəzurda reinteqrasiyanın təşviqində vətəndaş cəmiyyətinin iştirakı” müzakirə edilib. 

Azərbaycan Diplomatiya  Akademiyanın prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, ABŞ-ın Alman Marşal Fondunun rəhbəri Mehriban Rəhimli və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Daha sonra müzakirə olunan mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.  

 

 

 

 

 

 


Paylaş