Azərbaycan Milli Platforması növbəti Ümumi Yığıncağı keçirilib - FOTOLAR

24 oktyabr 2023-cü ildə Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞTVCF) Azərbaycan Milli Platforması növbəti Ümumi Yığıncağı keçirilib.

 

Ümumi Yığıncaqda ilk öncə Platformanın 2020-2023-cü illər üzrə hesabatı dinlənilib.

 

Hesabatla çıxış edən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının ölkə əlaqələndiricisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Platformanın hesabat müddəti ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı iştirakçıları məlumatlandırıb.

 

Ş.İsmayıl qeyd edib ki, Azərbaycan Milli Platforması 2020-2023-cü il ərzində 166 tədbir keçirib.

 

Bunlardan 41-i Platformanın İdarə Heyətinin iclasları, 45-i Forumun Rəhbər Komitəsinin iclasları, 18-i katibliklə görüş, 25-i layihə görüşü, 18-i təmsilçilik görüşü, 7-i İdarə Heyətinin digər görüşləri, 4-ü görünüklük tədbirləri, 4-ü illik Assambleya (Forum) və 4-ü Ümumi Yığıncaq olub.

 

Ş.İsmayıl qeyd edib ki, hesabat müddətində Platformaya üzv olan təşkilatlar tərəfindən 10 kiçik layihə həyata keçirilib.

 

Bundan başqa Platforma hesabat müddətində 18 bəyanat, 5 mövqe sənədi, 4 təlim proqramı, 3 tədqiqat layihəsi və 4 konfrans təşkil edib. Həmçinin  İşçi Qruplarının 10 müzakirəsi keçirilib. Platforma tərəfindən 1 video çarx, 6 TV veriliş, 2 araşdırma və hesabat hazırlanıb.

 

Bununla yanaşı Platforma 9 institusional sənəd hazırlayıb. Platformanın Nizamnaməsi, Etik Davranış Kodeksi, Üzvlük Siyasəti və layihənin idarəetmə təlimatı sənədi artıq internet səhifəsində yerləşdirilib.

 

Həmçinin, Azərbaycan Milli Platformasının  iki dilli tam məlumat bazası (üzvlər) hazırlanıb, Platformanın daxili SWOT təhlil aparılıb.

 

Azərbaycan Milli Platformasının   vebsaytı (eap-csf.az) istifadəyə verilib və vaxtaşırı yenilənir. Platformanın “facebook” səhifəsi vasitəsi ilə də həyata keçirilən fəaliyyətlə bağlı məlumatlar paylaşılır.

 

Ş.İsmayıl qeyd edib ki, 2023-cü ildə Azərbaycan Milli Platforması üzvlərinin bacarıqlarının inkişaf etdirilməsi üçün  2 təlim keçirilib.

 

Daha sonra çıxış edən Azərbaycan Milli Platformasının layihə koordinatoru Səbinə Ələkbərova rəhbərlik etdiyi layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə iştirakçılara məlumat verib.

 

S.Ələkbərova qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Milli Platformasının  işçi qrupları tərəfindən 6 sektoral görüşlər təşkil olunub. Həmçinin 4 daxili sənəd hazırlanıb. Layihə çərçivəsində 6 verilişin çəkilməsi üçün mövzu müəyyənləşdirilib. Həmin mövzular üzrə 5 veriliş çəkilib və onlardan 4-ü yayımlanıb. Verilişlərdən 3-nün mətni ingilis dilinə tərcümə olunub və subtitrla yayımlanıb.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının (AMP) saytının - https://eap-csf.az  saytında 48 məlumat yerləşdirilib. Bununla yanaşı Platformanın fəaliyyəti və həyata keçirdiyi tədbirlərlə bağlı 6 fərqli saytda məlumatlar yayılıb. Platformanın sosial şəbəkə hesabında 77 paylaşım edilib. Katibliyin Sentyabr ayı üçün bülletenində Azərbaycan Milli Platformasının fəaliyyətinə dair 2 yazı yerləşdirilib.

 

S.Ələkbərova qeyd edib ki, həyata keçirilən layihənin ən mühüm istiqamətlərindən biri QHT məktəbidir. Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarına dəstək məqsədi ilə yaradılan QHT məktəbi hazırda da  fəaliyyətini davam etdirir.  Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan QHT məktəbinə həm birbaşa, həm də onlayn müraciət etmək mümkündür.

Xidmət çərçivəsində yeni QHT-nin yaradılması ilə bağlı sənədlər tərtib olunur, dövlət reyestrindən verilən çıxarışın müddəti bitən təşkilatların tələb olunan sənədləri hazırlanır. Həmçinin yeni təşkilatlara layihə hazırlanması, idarə edilməsi və hesabatlılıqla bağlı mentorluq xidməti göstərilir.

 

Daha sonra layihənin eksperti Həsən Hüseynli yeni hazırlanan Azərbaycan Milli Platformasının Fəaliyyət planı, Strategiya planı, Kommunikasiya və görünüklük planı və Vəkillik planı  ilə bağlı iştirakçılara məlumat verib.

 

Daha sonra Ümumi Yığıncaqda Platformanın çətinlikləri müzakirə edilib. Həmçinin, planlaşdırılan fəaliyyətlər və maliyyə dayanıqlılığı, Brüsseldə keçiriləcək Förumun İllik Assambleyası, 2024-cü ildə Foruma keçiriləcək seçkilər, üzvlük məsələsi və çağırışlar və Katibliklə ünsiyyət məsələləri müzakirə edilib.


Paylaş