Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci İllik Assambleyası işə başlayıb

14 noyabr 2023-cü ildə Brusseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci İllik Assambleyası işə başlayıb.  Tədbirə Şərq Tərəfdaşlığının çoxtərəfli əməkdaşlığının gələcək formasını müzakirə etmək üçün Şərq Tərəfdaşlığı  və Avropa İttifaqı  vətəndaş cəmiyyəti təşkilatlarının 250-dən çox nümayəndəsi qatılıb. İllik Assambleyada Azərbaycan Milli Platformasından da 20 nəfər nümayəndə iştirak edir.

Tədbir çərçivəsində Şərq Tərəfdaşlığı  ölkələri və Avropa İttifaqının  qərar qəbulunda rol oynayan nümayəndələri ilə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri arasında  region üçün əhəmiyyətli məsələlər ətrafında müzakirə aparılıb.

Həmçinin, tədbir zamanı iştirakçılar Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən sonra Şərq Tərəfdaşlığı siyasətində və regionda baş verən dəyişiklikləri qiymətləndiriblər.

Assambleyada yaxşı idarəetmə və qanunun aliliyi kimi mühüm sahəyə xüsusi diqqət yetirməklə Avropa İttifaqı, Avropa İttifaqına üzv dövlətləri Şərq Tərəfdaşlığı hökumətləri və cəmiyyətləri arasında əməkdaşlıq da müzakirə edilib.

Bundan əlavə, vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılması ətrafında fikir mübadilə aparılıb.

Assambleyanın gündəliyində kiberhücumlar və hibrid təhdidlər  zamanı Avropa ittifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin daha sıx əməkdaşlıq vasitəsilə bir-birini necə gücləndirə biləcəyi məsələsi də yer alıb.

Fotolar


Paylaş