Jozep Borrell: Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi şans var

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə görüşdə "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.

“Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib. Xarici işlər naziri Ceyhun Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb. Nazir Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb”, məlumatda qeyd edilir.

Jozep Borrell isıə X platformasına yazıb ki, nazir Ceyhun Bayramaovla   Aİ-Azərbaycan əməkdaşlığı və daha geniş regional kontekst haqqında yaxşı mübadiləsi aparıb.

“Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var. Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləməyə tam sadiqdir”, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qeyd edib.


Paylaş