Avropa İttifaqı "Avropa Bacarıqlar İli" silsilə tədbirlərinə başlayır

Avropa İttifaqı, innovasiyaları və rəqabəti dəstəkləməklə “yaşıl” və rəqəmsal texnologiyalara keçid məqsədilə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsinə yeni təkan vermək məqsədilə 2023-2024-cü illəri “Avropa Bacarıqlar İli” bəyan etmişdir. Bununla əlaqədar olaraq, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” şüarı altında silsilə tədbirlərin başlanmasını bəyan etmişdir. Bu tədbirlər, Aİ-nin “Gənc Avropa səfirləri” təşəbbüsü ilə tərəfdaşlıq çərşivəsində təşkil edilmiş təqaüd və digər imkanlarla bağlı məlumatlandırma mövzusunda bir sıra seminarların sayca birincisi ilə başlamışdır.

“Avropa İttifaqı və Azərbaycan Respublikası insan inkişafına aid edilən təhsil, o cümlədən peşə təhsili kimi bir çox sahələrdə güclü tərəfdaşlığa malikdir” - deyə Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko bildirmişdir. “Yaşıl” və rəqəmsal texnologiyalara keçid dövründə insanlar və iqtisadiyyat üçün yeni imkanlar yaratmaq, həmçinin dəyişən əmək bazarına daha yaxşı çıxış təmin etmək əhəmiyyət kəsb edən məsələlərdir. Daha yaxşı iş və əmək haqqı naminə doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bu silsilə tədbirləri vasitəsilə bir daha xatırlatmaq istəyirik” - deyə səfir Mixalko əlavə etmişdir.

İlk seminara Aİ daxilində müxtəlif səpkidə təhsil və məşğulluq imkanlarına, o cümlədən “Erazmus+”, “European Solidarity Corp” (gənclər üçün Avropa həmrəylik) təşəbbüsü, “College of Europe” Avropaşünaslıq İnstitutuna dair bilik əldə etmək üçün 100-dən artıq iştirakçı qatılmışdır. Tədbirlər silsiləsi, “Gənc zəkalar yarışması”, sosial şəbəkələr və bloqerlər mövzusunda seminar, peşəkar karyera mövzusunda seminar və gələcək nəsilləri ilhamlandıracaq xüsusi qonarların iştirakı ilə təntənəli “Aqora” toplantısı kimi əlavə tədbirlərin keçirilməsi ilə davam edəcəkdir.

Silsilə tədbirlərdə bütün yaş qrupları və bir-birindən fərqli hazırlıq səviyyəsində olan şəxslərdə həvəs oyatmaq üçün müxtəlif sahələri təmsil edən və bacarıqlar dəstinə yiyələnmiş “ulduzlar” iştirak edəcəklər. Bunun məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz qaydada göstərməkdir. Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və əhəmiyyət kəsb edən bir sıra digər sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurmuş, kənd təsərrüfatı istehsalına başlamış, yeni bacarıqlar əldə etmiş və təlimlərdən keçmişdir.

Silsilə tədbirlər zamanı Aİ Nümayəndəliyinin sosial şəbəkə ünvanlarında “Avropa Bacarıqlar İli” təşəbbüsünə dair məlumat, uğurlu şəxslərin gerçək tarixçələri və müvafiq video çarxlar yayımlanacaq. “ASAN Radionun” 100 FM dalğasında yayımlanan “AvropadaASAN” radio proqramında bu silsilə tədbirləri işıqlandıran xüsusi buraxılış ərsəyə gətiriləcək.


Paylaş