Azərbaycan Milli Platforması olaraq Anar Məmmədlinin 2024-cü il aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qanunsuz həbs edilməsini və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin əsassız qərarı ilə onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçməsini pisləyirik.
Belə ki, 2014-cü ildə Vatslav Havel adına İnsan Hüquqları Mükafatı laureatı Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) şübhəli bilinərk qondarma ittihamlarla üzləşir. Beləliklər də biz, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvü Anar Məmmədliyə dəstəyimizi bildirir, onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir və Azərbaycan hökumətini ona qarşı olan bütün ittihamlardan imtina etməyə çağırırıq.
Bununla yanaşı, Milli Platforma digər üzv - Qubad İbadoğlunun 22 aprel 2024-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərarını alqışlayır, bunun davamı olaraq da, cənab İbadoğlu barəsində elan edilmiş ittihamların qaldırılmasına çağırırıq.
Biz Milli Platforma olaraq, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının və tənqidi səslərin siyasi motivli əsaslarla görünməmiş və davamlı olaraq əsassız həbsləri, mühakimələri və həbs ehtimalı ilə bağlı mövcud təhlükənin Avropa demokratik dəyərləri və Şərq Tərəfdaşlığının ruhu ilə bir araya sığmadığını bir daha vurğulayırıq. Bu cür hərəkətlər yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsinə xələl gətirməkdədir.
Bununla da, biz Azərbaycan hökumətinə, Avropa İttifaqı Şurasına və Avropa Xarici Əlaqələr Xidmətinə müraciət edərək, Milli Platforma üzvü Anar Məmmədlinin həbsi məsələsində ədalətin bərpasına, eləcə də bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin bərpasına geniş dəstək verməyə çağırırıq.