Azərbaycan Milli Platformasından BƏYANAT

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son günlər bir qrup Azərbaycan vətəndaşına, o cümlədən jurnalist, bloqqer, ictimai fəallara, QHT təmsilçilərinə qarşı kibercinayətlərin törədilməsi, onlara məxsus sosial media hesablarının ələ keçirilməsi, vətəndaşların şəxsi yazışmalarının saxtalaşdırılaraq yayılması, onlara qarşı rüsvayedici kampaniyaların təşkilini qətiyyətlə pisləyir və bunları mənəvi terror hesab edir.
Milli Platforma Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsilə təmin edilməli olan şəxsi və ailə həyatına hörmət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə təmin edilməli olan şəxsi toxunulmazlıq hüququnu xatırladaraq, bu əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsilə şəxsi həyata qarşı cinayət əməli olmasını qeyd edir və Azərbaycan hakimiyyətini bu kibercinayətkarlığın qarşısını dərhal almağa, bu əməlləri törədənləri taparaq ən qısa zamanda cəzalandırmağa çağırır.
Milli Plaforma bu kimi halların dininə, milliyətinə, cinsinə, siyasi baxışlarınə baxmayaraq, kimə qarşı törədilməsindən asılı olmayaraq ölkədəki ictimai-siyasi münasibətlərə ciddi zərər verdiyini, bu addımları törədənlərin cəzasız qalmasının gələcəkdə eyni əməllərin hər bir şəxsə qarşı yönələ biləcəyini xatırladır və müvafiq qurumları bu kibercinayət, şəxsi həyatlara qarşı yönəlmiş cinayətləri araşdırmağa çağırır:

 

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Hörmətli Kamran müəllim,

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son günlər bir qrup Azərbaycan vətəndaşına, o cümlədən jurnalist, bloqqer, ictimai fəallara, QHT təmsilçilərinə qarşı kibercinayətlərin törədilməsi, onlara məxsus sosial media hesablarının ələ keçirilməsi, vətəndaşların şəxsi yazışmalarının saxtalaşdırılaraq yayılması, onlara qarşı rüsvayedici kampaniyaların təşkilini qətiyyətlə pisləyir və bunları mənəvi terror hesab edir.
Belə ki, 08 mart 2020-ci il tarixində Bakıda qadın hüquqlarının təmin edilməsi tələbilə keçirilən aksiya zamanı polis tərəfindən saxlanılmış vətəndaşlardan biri Nərmin Şahmarzadənin Facebook profili naməlum şəxslər tərəfindən ələ keçirilmiş, onun müxtəlif insanlarla, o cümlədən Milli Platforma üzvü olan ictimai fəal Bəxtiyar Hacıyevlə olan yazışmaları saxtalaşdırılaraq, qeyri-etik cümlələr əlavə edilərək sosial şəbəkələrdə paylaşılmışdır.  Daha sonra əsasən ABŞ-da qeydiyyatdan keçmiş virtual anonim nömrələr vasitəsilə Whatsapp və Telegram sosial şəbəkələrində, Facebook sosial şəbəkəsində ödənişli reklamlara qoyularaq, daha çox insana çatması təmin edilmişdir. Bu saxtalaşdırılmış yazışmalar kibercinayət yolu ilə əldə edilmiş, mütəşəkkil dəstə tərəfindən yayılaraq, ictimai-siyasi fəalların nüfuzlarına maksimum zərbə vurmaq məqsədi daşımışdır. İctimai fəal Bəxtiyar Hacıyev bununla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Lakin, onun israrlı tələblərinə baxmayaraq, Daxili İşlər Nazirliyi vətəndaşın sosial şəbəkə hesabının polis bölməsində necə ələ keçirilməsi, yazışmaların saxta, yaxud həqiqi olmasını araşdırmaq üçün onun iştirakını təmin etməmiş, bu günə qədər də bu məsələ ilə bağlı şikayətçinin faktlarını qəbul etməmişdir.
Milli Platforma Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsilə təmin edilməli olan şəxsi və ailə həyatına hörmət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə təmin edilməli olan şəxsi toxunulmazlıq hüququnu xatırladaraq, bu əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsilə şəxsi həyata qarşı cinayət əməli olmasını qeyd edir və məsələnin ictimai əhəmiyyətini vurğulayaraq Baş Prokurorluğu bu kibercinayətkarlığın qarşısını dərhal almağa, bu əməllərlə bağlı cinayət işi açmağa, kibercinayətkarların tapılaraq cəzalandırılmasına çağırır.


Paylaş