Azərbaycan Milli Platforması Rusiyanın Ukraynaya hərbi təcavüzünü pislədi - BƏYANAT

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyən bəyanat qəbul edib.

Bəyanatda deyilir:  

Biz, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyirik. 

Biz, bu işğalın təcavüzkar Rusiyanın öz imperiya siyasətinin gerçəkləşdirilməsi istiqamətində Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı heç bir beynəlxalq hüquqa hörmət etmədən təcavüzü, habelə Ukraynanın demokratik yolla seçilmiş prezidenti və onun xalqının, ölkədə çiçəklənən demokratik dəyərlərinin tam olaraq sıradan çıxarılması istiqamətində təhlükəli bir addım olduğunu bəyan edirik. 

Biz, bəyan edirik ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq bu aqressiv addımı ilə öz qonşuluğunda olan ölkələrin BMT tərəfindən tanınmış suverenliyinə qarşı heç cür tolerant qala bilmir, öz qonşulunda olan ölkələrə vassal kimi baxır və ümumbəşəri dəyərlərin dağıdıcısı kimi həm post Sovet məkanı, həm də azad dünyanın gələcəyi üçün çox ciddi təhlükə və təhdid mənbəyi olaraq qalır.

Biz, Rusiya hakimiyyətindən bu işğalı dərhal dayandırmağı və ölkələrin suveren hüquqlarına hörmət etməsini tələb edirik. 

Biz Aİ və ABŞ hökumətlərindən münaqişədə Ukraynaya dərhal və qeyd-şərtsiz hərbi və iqtisadi dəstək verməyə çağırırıq. NATO və BMT kimi hərbi və humanitar təyinatlı birlikləri Ukrayna xalqına hərtərəfli dəstək verməyə çağırırıq.


Paylaş