AMP Avropa Parlamentinin qətnaməsinə dair bəyanat qəbul etdi

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması  Avropa Parlamentinin 10 mart  2022-ci il tarixli “Ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”  Qətnaməsinə dair bəyanat qəbul edib. 

Bəyanatda deyilir:

Azərbaycan Milli Platformasının üzvləri olaraq, 2022-ci il 10 mart tarixində Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Erməni mədəni irsinin məhv edilməsi" Qətnaməsinə  etiraz edirik. Biz bəyan edirik ki, bu günə kimi Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın qədim tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib. Avropa Parlamenti bu Qətnaməni qəbul etmədən öncə nəzərə almalı idi ki, sözügedən ərazilər  1993-cü ildən sonra erməni hərbi qüvvələri  tərəfindən işğal edilib və 30 ilə yaxın müddətdə işğalda saxlanılıb.  Bununla bağlı, BMT TŞ-nin  işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 4 qətnaməsi (822, 853, 874 və 884 saylı  qətnamələr) qəbul edilib.  Torpaqlarımız işğal altında olduğu müddətində isə Azərbaycan dövləti  özünün tarixi mədəni irsini araşdırmaq, arxieoloji qazıntıların aparılması, mədəni irsin öyrənilməsi imkanlarından məhrum olunub.  İşğal zamanı məhz ermənilər tərəfindən Qarabağ ərazisinin daimi sakinləri olan azərbaycanlıların mədəni irsi, tarixi, mədəni və dini abidələri, arxeoloji qazıntı məkanları, kitabxanalar, muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar, viran qoyularaq , talanıb. Məscidlər yerlə-yeksan edilərək, inək və donuz tövlələrinə çevrilib. Bu məscidlərin məhvi nəinki Azərbaycana, ümumilikdə İslam dünyasına qarşı edilmiş bir təhqirdir.  
Digər tərəfdən nəzərə alınmalı idi ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda çox saylı millətlərin etnik nümayəndələri yaşayır. Onların milli, tarixi, mədəni irsi, hüquqları daim Azərbaycan dövləti tərəfindən qorunaraq, müdafiə olunur. Bu günə Azərbaycanda bu millətlərlə bağlı heç bir anoloji hal qeydə alınmayıb. Bundan əlavə digər inanc yerləri ilə yanaşı, erməni kilsəsi hələ də Bakıda və Gəncədə restavrasiya edilərək bu günə kimi qorunub saxlanılıb.  
Təəssüf doğuran haldır ki, Qarabağın işğal altında olmuş ərazilərində dağıdılmış Azərbaycan mədəni irsi ilə bağlı, qorunan erməni irsi ilə bağlı Avropa Birliyi, Avropa Parlamenti indiyədək hər hansı Qətnamə qəbul etməyib. Bu isə Avropa Parlamentinin məsələyə münasibətdə obyektivliyinə kölgə salır.. Çünki məlum Qətnamənin qəbulu Avropa dəyərlərinə inamı sarsıdır.   
Biz Azərbaycan Milli Platforması olaraq, Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə  çatdırırıq ki,  işğal edilmiş Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Ancaq qeyd edilən maddi və mənəvi sərvətlər tamamilə dağıdılmış, eyni  zamanda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Dağıntı faktlarını təsdiq edən çoxsaylı foto və video çəkilişlər, şahid ifadələri və.s bir sıra beynəlxalq qurumlara təsdim edilib. 
30 ilə yaxın  müddətdə Azərbaycan ərazilərinin işğal altında olması səbəbindən yerli tarixçilər, elmi tədqiqat institutları, akademik mərkəzləri sözügedən ərazilərdə heç bir tədqiqat işləri, araşdırmalar həyata keçirə bilməyib. Əgər mədəni irsin dağıdılması ilə bağlı  Ermənistan tərəfindən hər hansı bir iddialar varsa, bunun üçün Ermənistan tərəfinin sülh müqaviləsini imzalamaqla münasibətlərin bərpa olunması istiqamətində  addımlar atılmalıdır. Bunun ardınca isə hər iki tərəfdən ibarət işçi qrupu yaradılaraq işğal müddətində zərər görmüş mədəni irsin araşdırılması istiqamətində fəaliyyətə başlaya bilərlər.  
Onu da vurğulayaq ki, UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin təşkil edilməsi ilə bağlı müraciət olunub.
Biz Azərbaycan Milli Platforması olaraq, Avropa Parlamentinin məlum  Qətnaməsini pisləyir və Parlament üzvlərini belə həssas mövzulara qiymət verərkən daha diqqətli olmağa  və  məsələnin daha dərindən araşdırmağa çağırırıq. Eyni zamanda təklif edirik ki, Avropa Parlamenti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni abidələrin vəziyyətinə dair  Faktaraşdırıcı Missiya təşkil edərək Qarabağ ərazisinə ezam etsin. Ən doğru həqiqəti, 30 ilə yaxın dövrdə dağılmış, viran qalmış mədəni irsin vəziyyətini canlı görsünlər. 
Biz Avropa Parlamentinin müxtəlif fraksiyalarından ibarət olan nümayəndə heyətini  Azərbaycanın  işğaldan azad olunmuş ərazilərində faktaraşdırıcı missiya təşkil etməyə  dəvət edirik.


Paylaş