Azərbaycan Milli Platforması Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində görüş keçirib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində görüş keçirib.

Görüşdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Şöbə müdiri Fuad Çıraqov, Baş məsləhətçi Vasif Hüseynov, AMP-nin əlaqələndiricisi Şəhla İsmayıl, Platformanın layihə heyəti və  I İşçi Qrupunun üzvləri qatılıb.

Görüşü giriş sözü ilə açan I İşçi Qrupun əlaqələndiricisi Ziya Quliyev qeyd edib ki, görüşün əsas məqsədi dünyada və regionda baş verən yeni çağırışlar fonunda Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyi və gözləntiləri ilə tanış olmaqdır: “Şərq Tərəfdaşlığı Forumu çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən digər beynəlxalq tədbirlərdə ermənilərlə qarşılaşırıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra  postmüharibə dörvü üçün beynəlxalq münasibətlərlə bağlı rəsmi mövqeyi də bizim üçün maraqlıdır”.

Daha sonra çıxış edən Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması haqqında məlumat verib: “Azərbaycan Milli Platformasına hazırda 71 təşkilat üzvdür. Platformada təşkilatlar 5 İşçi Qrupunda fəaliyyət göstərir. Hazırda Platforma institusional imkanlarını gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Demək olar ki, Platformanın 13 illik fəaliyyətinin ən aktiv fazasından biridir. Eyni zamanda beynəlxalq tədbirlərdə ermənilərlə çox mürəkkəb münasibət var. Bu stuasiyada Azərbaycanın beynəlxalq münasibətlərinin konturlarını öyrənmək Platforma üçün də maraqlıdır”.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev Azərbaycanın hazırkı stuasiyada beynəlxalq münasibətlərdə önəm verdiyi məsələlərlə bağlı iştirakçılara məlumat verib.

Yerli və xarici media orqanları ilə faydalı əməkdaşlıq qurulduğunu bildirən F.Şəfiyev bir çox hallarda ikili standartların aparılan proseslərə mane olduğunu qeyd edib.

Daha sonra F.Şəfiyev Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyi və gözləntilər haqqında iştirakçılara məlumat verib.

AMP-nin Layihə rəhbəri Səbinə Ələkbərova  postmünaqişə dövründə  beynəlxalq səviyyədə rəy yarada bilən şəxslər və beyin mərkəzləri ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra tədbirdə çıxış edən AMP üzvləri Əliməmməd Nuriyev, Vüsalə Hüseynli, İlqar Hüseynli və Zaur İbrahimov da Azərbaycan Milli Platforması ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.   

 


Paylaş