Məlumat üçün bildirirk ki,Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı həyata keçirilməkdədir. Bu proses erməni-rus hərbi birləşmələri tərəfindən 30 ilə yaxın müddətdə işğal olunmuş və Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazilərində baş verir.
Təbii sərvətlərimizin talan olunduğu ərazilərə Azərbaycan rəsmilərinin,vətəndaş cəmiyyəti təmsilçilərinin sərbəst hərəkətinə və monitorinq aparılmasına imkan yaradılmaması,Azərbaycanın beynəlxalq hüquq prinsipləri çərçivəsində tanınmış əraziləri üzərində qanuni idarəetmə imkanlarının məhdudlaşdırılması,10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan bəyanatın tələblərinə və Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir.
10 noyabr 2022-ci bəyanatın 4-cü maddəsində nəzərdə tutulan razılaşmaya görə Rusiya Federasiyasının “sülhməramlıları” erməni silahlılarının çıxarılması ilə paralel yerləşdirilməli və kontingentin ümumi sayı 1960 olmalı idi. Eyni zamanda, bəyanatın 9-cu maddəsində regionda bütün iqtisadi nəqliyyat dəhlizləri bərpa edilməli idi. Azərbaycan və 30 ildir blokada şəraitində yaşayan Naxçıvan arasında nəqliyyat əlaqəsi təşkil olunmaqla Ermənistan hər iki istiqamət üzrə maneəsiz hərəkətin təhlükəsizliyini təmin etməli idi. Lakin bugünədək sazişdə nəzərdə tutulan 4 və 9-cu maddə üzrə öhdəliklər nə Rusiya Federasiyasının hərbi kontingenti tərəfindən, nə də Ermənistan tərəfindən icra olunmamışdır.
Heç şübhəsiz ki, belə bir vəziyyət həm Azərbaycan dövlətini, həm də vətəndaş cəmiyyətini qane edə bilməz. Sözügedən ərazilərdə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərinin iştirakı ilə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsinə cəhdlər edildi. Lakin həmin ərazilərə girişə maneçilik törədildi. Ona görə də, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması və bütün təbii sərvətlərin istismarının ölkəmizin qanunvericiliyi əsasında həyata keçirilməli olması tələbləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olundu. Bu səbəbdən də Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, vətəndaş cəmiyyətinin nümayiş etdirdiyi mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir.
Hesab edirik ki, erməni tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Laçın-Xankəndi yolu silah, narkotik maddələr və qanunsuz filiz daşınmalarından başqa bütün yüklər, o cümlədən ərzaq, məişət, tikinti və s. yüklərin və sərnişinlərin gediş-gəlişi üçün tam açıqdır. Həmçinin, keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Bu mənada Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
ŞTVC Azərbaycan Milli Platforması bəyan edir ki, Forumun İdarə Heyəti və həmsədrləri tərəfindən birtərəfli qaydada qəbul olunan bəyanatlar və sənədlər, o cümlədən Azərbaycan şəhər və qəsəbələrini milli adlarının təhrif olunaraq, Ermənistan terminologiyası (Gorus-Stepanakert, Mardaket-Vardenis) istifadə ediliməsi Azərbaycan və Ermənistan arasında davamlı sülhə mane olmaqla yanaşı, əks effekt verir.
ŞTVC Forumu Azərbaycan Milli Platforması hesab edir ki, Qarabağ iqtisadi regionunda,o cümlədən Xankəndi, Xocalı, Ağdərə bölgələri də daxil olmaqla işğalda qalmaqda davam edən bütün ərazilərində Azərbaycan Respublikasının beynəlxalq hüquq prinsipləri çərçivəsində ərazi bütövlüyü tam və qeyri şətrsiz bərpa olunmalıdır. Erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadəyə son qoymaq üçün Ermənistanla sərhəddə Azərbaycan sərhəd buraxılış və gömrük orqanlarının nəzarət postları qurulmalıdır. Azərbaycan Respublikasının hüdudlarında istər Rusiyanın, istərsə də ATƏT-in hər hansı sülhməramlı kontingenti olmamalıdır.
Yekun olaraq, ŞTVC Forumu Azərbaycan Milli Platforması Forumu və beynəlxalq cəmiyyətin digər nümayəndələrini yoxlanılmamış, qərəzli və birtərəfli məlumat əsasında ərsəyə gələn bəyanatları dərc etməkdən çəkinməyə çağırır; məsələnin həssasiyyətini nəzərə alaraq terminoloji təhriflər də daxil olmaqla, şifahi və yazılı ritorikanın etibarlı məlumat əsasında formalaşmasını tövsiyə edir və Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan ərazi bütövlüyü haqqını tanımasını tələb edir.